عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The cave [Al-Kahf] - Azerbaijani translation - Alikhan Musayev

Surah The cave [Al-Kahf] Ayah 110 Location Maccah Number 18

(Allah,) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, saleh əməllər edən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dosdoğru olaraq nazil etdi.

Onlar (Möminlər) orada əbədi qalacaqlar.

(Kitabı həm də:) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün (nazil etdi).

Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.

Biz, insanların hansının daha gözəl əməl sahibi olduğunu sınayaq deyə, yer üzündə olan şeyləri yer üzü üçün bir zinət etdik.

Biz yer üzündə olan hər şeyi (lazım gəldikdə), məhv edib qupquru bir torpağa döndərərik.

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).

Sonra iki dəstədən (möminlərdən və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

Biz onların əhvalatını sənə həqiqət olaraq söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.

Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda biz yalan danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.

(Cavanlardan biri o birilərinə dedi:) “Bizim bu qövmümüz Allahdan başqa məbudlar qəbul etdi. Elə isə onlar bu bütlərə dair bir dəlil gətirsinlər. Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!

(Ya Rəsulum! Əgər orada olsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə adladığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.

Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!

Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. (Mübahisədə) üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.

(Bəziləri: “Onlar) üçdür, dördüncüsü köpəkləridir!”– deyəcəklər. (Digərləri isə “Onlar) beşdir, altıncısı köpəkləridir!”– deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) “Onlar yeddidir, səkkizincisi köpəkləridir!”– deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!” Mağara əhli barədə (ayələrə əsaslanaraq) açıq mübahisə et və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!

Ancaq: “Əgər Allah istəsə!” (“İnşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.

De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O Öz hökmünə heç kəsi şərik etməz!”

Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.

Səhər və axşam çağı Rəbbinin Üzünü (rizasını və ya savabını) diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsin.” Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş mədən kimi üzlərini yandırıb yaxan bir su ilə kömək ediləcəkdir. Nə pis içki, necə də pis məskəndir!

Onun (başqa) sərvəti də var idi. O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi.

Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaqdır!”

Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları uçulub darmadağın olmuşdu. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”

Belə bir durumda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.

O gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənarda) buraxmayacağıq.

Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan) gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”.

Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə zülm etməz!

Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun zürriyyətini özünüzə dostmu tutursunuz?! Zalımlar üçün bu necə də pis bir mübadilədir!

Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını haqq yoldan) azdıranları Özümə köməkçi tutmuram.

O gün Allah (müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər) onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz onların (müşriklərlə bütlərin) arasına həlakedici bir yarğan salarıq.

İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu.

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı yox etmək üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.

Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər.

Budur zülm etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.

Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, yaxud uzun müddət sərf edənə qədər (səfərimə) davam edəcəyəm”.

Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda (özləri ilə götürdükləri) balığı unutdular. Balıq isə dənizdə (iz buraxaraq) yol alıb getdi.

Onlar (iki dənizin qovuşduğu yerdən) keçib getdikdə (Musa) öz xidmətçisinə: “Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi.

(Xidmətçi) dedi: “Qayaya sığındığımız vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib əcaib bir şəkildə dənizdə yol tutub getmişdir”.

(Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.

Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətməyin üçün sənə tabe olummu?”

(Xıdır) dedi: “Doğrusu, sən mənimlə birgə olsan səbir edə bilməzsən.

Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”

(Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”.

(Xıdır) dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.

Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xıdır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, böyük bir pis iş gördün”.

Xıdır dedi: “Mən demədimmi ki, sən mənimlə birgə olsan səbir edə bilməzsən?”

(Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”

Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xıdır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, olduqca pis bir iş tutdun”.

Xıdır dedi: “Sənə demədimmi ki, mənimlə birgə olsan səbir edə bilməzsən?”

(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim (sonuncu) üzrxahlığa çatdın”.

Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları (yeməyə) qonaq etmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. (Xıdır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın”.

Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz (uşağın böyüyəndə) ata-anasını azğınlığa və küfrə sürükləməsindən qorxduq.

Biz (bununla) Rəbbinin onun əvəzində ata-anasına ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.

O, (yer üzündə gəzib dolaşmaq üçün) səfərə çıxdı.

Nəhayət, günəşin qürub etdiyi yerə gəlib çatdıqda onu qara palçıqlı bir yerdə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”

Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir örtük yaratmamışdıq.

Beləliklə Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

Sonra o, yenə yoluna davam etdi.

O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında bir sədd çəkim.

Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yanı arasını (dəmir parçaları ilə) doldurduqda: “Körükləyin!”– dedi. (Dəmir) közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi.

Yəcuc və Məcuc (tayfası) nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.

(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”.

O gün (Yəcuc və Məcuc tayfasını yaxud insanları) axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.

O kəslərə ki, gözləri Məni anmaqdan qapalı idi, (ayələrimdən üz döndərərdilər), özləri də eşidə bilmirdilər.

Olmaya, kafirlər Məni qoyub qullarımı (Mələkləri, İsanı və başqalarını) özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?

O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.

Onlar orada əbədi qalacaq, oranı (başqa bir yerə) dəyişmək istəməyəcəklər.

De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”.